Friday, December 25, 2015

İrmaşlı Alban Kilsəsi

Günümüzdə Şəmkir rayonunun, Dağ-Daşbulaq kəndinin ərazisində yerləşən tarixi məbəd, bəzi qaynaqlarda “İrmaşlı Piri”, “Daşbulaq Alban məbədi” vs. kimi adlarla təqdim edilir. Düzü bu qaynaqları, elmi mənada qaynaq adlandırmaq da olduqca çətindir.

İnternetdə, bu kilsə haqqında ən geniş məlumatı təəssüf ki, hələlik erməni dilində tapmaq mümkündür. 1883-cü ildə erməni qəzeti "Mşak", 1888-ci ildə isə "Ardzaqank"-da dərc olunmuş Qaciqyan (Kajikian) imzalı "Səyahət Qeydləri" məqalələrində məbəddən bəhs edilərkən Şəhid Huskan Kilsəsi (Հուսկան նահատակ վանք - Huskan Nahatak Vanq) olaraq adlandırılır.   Həmin məqaləyə görə, kilsə 1590-cı ildə inşa edilmişdir. Məlumata görə, kilsənin şimal hissəsindəki fasada "Müqəddəs Xaç Mağakiyanı qorusun, 1592", həmin fasadın alt hissəsinə isə "Bu müqəddəs kilsə 1590-cı ildə tikilmişdir" sözləri daşa qazınmışdır. Hal-hazırda həmin lövhələr məbəddə mövcud deyillər. 

1895-ci ildə erməni rahib Makar Barxudaryantsın yazdığı "Artsax" kitabında göstərilir ki, türklər də məbədi ziyarət edir və pir hissəsini "Bulanluq" adlandırırlar.

İrmaşlı Alban Kilsəsi


Samvel Karapetyan, ‘Şimali Artsax’ (İrəvan, 2004) kitabında yuxarıdakı məlumatlara əsaslanaraq məbədin 1590-cı ildə inşa edildiyini bildirir. Lakin S. Karapetyan 1985-ci ildə məbədi tədqiq edərkən, həmin daşlardan sadəcə birinə rast gələ bilir. Məbədin inşa tarixini (1590) göstərən lövhənin isə 19-cu əsrin 2-ci yarısında yazıldığı güman edilir. Karapetyanın fikrincə, lövhəni hazırlayanın inşa tarixi ilə dəqiq informasıyası olsa da, onu günümüzə çatdıra bilməyiblər.  Müəllifin iddiasına görə, məbəd türklər üçün də ibadətgah olub və türklər həmin övliyanı “Balacex” adlandırırmış. 

İllər ötdükcə, tərk edilmiş kilsə 19-cu əsrin ortalarından etibarən isə erməni kilsəsinə bağlı rahiblərinin diqqət mərkəzinə düşmüş, müxtəlif görüşlərdə kilsənin təmiri ilə bağlı fikirlərini bildirmişlərdir.

Məsələn, H. Manasyants adlı bir erməni ziyarətçinin 1883-cü dediklərinə görə kilsənin vəziyyəti olduqca acınacaqlı olmuş, kilsə demək olar ki, tövləyə çevrilmişdir. İrmaşlı türkləri məbəddə qış aylarında inəklərini saxlayır, uzaq kəndlərdən olan ziyarətçilər gecələr öz sürüləri üçün sığınacaq kimi istifadə edirlər. Lazımi qurumların kilsəyə biganəliyini vurğulayır.

1884-85-ci illərdə, kilsə Bada (indiki Ələsgərli) kəndindən olan Karapet Saparyants tərəfindən təmir edilmişdir. Ziyarətgaha çevrilən kilsədən yığılan nəzirlər, 1888-ci ildə Tiflisdəki Nersisian Erməni Məktəbinə yardım kimi göndərilmişdir. 1905-ci ildəki hadisələrdə kilsənin ciddi zərər gördüyü bildirilir. Başqa bir maraqlı məlumatda isə, 1891-1923-cü illərdə, 32 il boyunca rahib Mesrob Stepanossian kilsədə rahiblik edib, xidmət göstərib. 

Nəhayət, 1985-ci ildə, Samvel Karapetyanın başçılığı altında Erməni Arxeoloji Tədqiqat Fondundan bir qrup məbədi ziyarəti edir. Tədqiqatçıların bildirdiyinə görə kilsənin durumu olduqca bərbad olub. Bundan başqa bir neçə foto da S. Karapetyan tərəfindən paylaşılmışdır. Fotoların birindən aydın görünür ki, kompleksin həyətində bir hündür ağac olmuşdur. Digərindən isə kilsənin damında uçuq olduğu məlum olur. Başqa bir foto isə məbədin önündə daşdan at şəklində heykəl də mövcud olduğunu göstərir. Hal-hazırda həmin heykəlin yerində olmaması naməlum şəxslər tərəfindən oğurlandığını deməyə əsas verir.

Erməni müəllifin bildirdiyinə görə bəzi daş lövhələri, xaçqarları oxumaq mümkün olmuşdur. Bu barədə yazımın sonunda əlavələrdə məlumat ala biləcəksiniz.

Bu məlumatları verdikdən sonra, nə üçün mən öz yazımda məbədi Pir deyil, İrmaşlı Alban Kilsəsi adlandırdığıma aydınlıq gətirmək istəyirəm.

Sovet höküməti qurulmazdan əvvəl,  indiki Dağ-Daşbulaq (Dağ İrmaşlı), İrmaşlı (Aran İrmaşlı) və Şiştəpə kəndinin heyvandarlıqla məşğul olan əhalisi bölgədə yarımköçəri həyat tərzi sürürmüş. Sovet hökümətinin quruluşundan sonra bu əhali tam oturaq həyata məcbur edilmiş, nəticədə İrmaşlı bölgəsində məskunlaşmış, almanların qurduğu Eichenfeld kəndi (sonradan Engelskənd) sovetlik mərkəzi olmaqla, Şiştəpə-Engelskənd kənd sovetliyi (bələdiyyəsi) yaradılmışdır. Daha sonra müxtəlif illərdə bu kəndlər ayrılmış, ayrıca Şiştəpə kəndi (1965) və Engelskənd (sonradan İrmaşlı adını almış) kəndlər yaradılmışdır. Müstəqillikdən sonra İrmaşlının (əvvəlki Engelskənd) dağlıq ərazisində, kənd mərkəzindən xeyli aralıda qalmış hissəsi – Dağ İrmaşlı bölgəsi də ayrıca kənd halına gətirilmiş, və günümüzdə Dağ-Daşbulaq adını almışdır. Bütün bunları nəzərə alaraq, məbədin original adı müəyyənləşənə qədər İrmaşlı Alban Kilsəsi olaraq adlandırılmasını uyğun hesab edirəm. 

Bütün məsələləri bir qırağa qoyaraq, bu məbədə necə getmək olar qısaca onu da sizlərə izah edim.

Birinci yol, Şəmkir – Gədəbəy yolu ilə, Xar-Xara çatmadan Atabəy kəndi ilə dərə yollarla və ya Samanlıq kəndindən keçərək yüksəkliklə Daş-Dağbulaq kəndinə gedərək.

İkinci Yol isə, Şəmkir –Şiştəpə - İrmaşlı kəndindən keçərək dağlıq yolla Ələsgərli (Bada) kəndinə girmədən Dağ-Daşbulaq kəndinə dönərək.

Məbəd Dağ-Daşbulaq kəndinin ucqar hissəsindədir. Kənd sakinlərindən yardım alaraq məbədə çata bilərsiniz. Onu da qeyd edim ki, kənd sakinləri olduqca qonaqpərvərdirlər.

Yuxarıda qeyd etdiyim, Samvel Karapetyanın 1985-ci il fotosunda görünən ağac, günümüzdə yoxdur. Baş vermiş uçqun isə 2008-ci ildə azərbaycanlı elm adamı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Sabir Əlihüseynli (Tağıyevin) şəxsi təşəbbüsü və maddi vəsaiti hesabına təmir olunub, abadlaşdırılıb. Onun sayəsində kənd əhalisi tarixi abidəyə qarşı bilinclənib və onu qorumağa meyllidir. Lakin bunlara baxmayaraq, məbədə heyvanların girişi görünür tam alına bilməyib. Kompleksin qapısı olmasına baxmayaraq, içəridə heyvan nəcisləri yetərincədir.

Digər, heyrətamiz hadisə isə kənd əhalisinin müsəlman olmağına baxmayaraq, məbədi Pir adlandırmağı və qurbangaha çevirməyidir. Düzü biz qurban kəsiminə şəxsən şahid olmadıq, amma məbədə girişdə quzu asmaq üçün dəmir asılqan yetərli işarə idi ki, bunu yerli bələdçimiz də təsdiqləyir. Ayrıca, məbədin həyətində bir nəzir qutusu da var.

Sabir Əlihüseynli (Tağıyevin) məbədlə bağlı elədiyi cəhdlər həqiqətən önəmlidir lakin görünür yetərsiz qalıb. Onun araşdırma və qənaətləri haqqında buradan oxuya bilər, çəkdiyi fotolarla tanış ola bilərsiniz. 2010-cu ildə məbəd ciddi vandalizmə məruz qalıb. Belə ki, tikilinin divarına oturulmuş qəbrdaşı – lövhə naməlum şəxslər tərəfindən təhrif edilmiş, lövhə ciddi zərər görmüşdür, lakin xoşbəxtlikdən oğurlana bilməmişdir. Dövlətin biganəliyi isə təəssüf doğurur. Həqiqətən Sabir Əlihüseynliyə zamanında gördüyü işlər, çəkdiyi fotolar təqdirəlayiqdir. 



Samvel Karapetyan məbədin divarına yerləşdirilmiş qəbirdaşı
lövhəsindəki yazını Qacıqyana istinadla "Mən Bəki xan,
oğlum Uruy xanla bu Müqəddəs Xaçı ... xatirəsinə
ucaltdıq."
şəklində təqdim edir.


ºë ä»ÏÇ˳Ýë, áñ¹ÇÝ ÇÙ àñáÛ Ë³Ýë, ϳݷݻóÇ ëáõñµ ˳ãë µ³ñ»Ëáë Ç ¹áõéÝ î³ñë(³Ç)×ÇÝ:
Foto: Sabir Əlihüseynli (Tağıyev)

Sonda, bizə kənddə bələdçilik edən, evlərindəki isti yeməyə və çaya qonaq edən, internetdən tapa bilməyəcəyimiz maraqlı əhvalatları bizə nəql edən, Ruslan bəyə, Pərvanə xanıma və Sədi bəyə dərin təşəkkürümü bildirir, sizi mənim kameramdan video və fotolara baxmağa dəvət edirəm.








No comments:

Səhifəmi izləməyi unutmayın Əfqan Xəlilli Dəstək üçün təşəkkürlər hispaniya.com

Post a Comment

Note: Only a member of this blog may post a comment.